1 iyun 2022-ci il tarixində “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” ictimai birliyi tərəfindən ADA Universitetində Beynəlxalq Vişeqrad Fondu tərəfindən maliyyələşən “Digiuth” onlayn təlim platformasının açılış mərasimi baş tutub. Birliyin sədri Əli Tağıyev tədbiri açıq elan etdikdən sonra rəqəmsal öyrənmənin, innovasiyaların gənclər sektorunda və qeyri-formal təhsilin inkişafında artan rolundan söz açıb. “Digiuth” layihəsinin əsas hədəfinin ölkəmizdə hər bir gənc üçün rəqəmsal öyrənməni əlçatan etməkdən ibarət olduğu qeyd edən Əli Tağıyev layihəyə göstərdiyi dəstəyə görə layihənin tərəfdaşlarına və Beynəlxalq Vişeqrad Fonduna öz təşəkkürünü bildirib. Daha sonra çıxış edən Macarıstanın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə diplomatı Mihaly Gruber iştirakçılara Beynəlxalq Vişeqrad Fondu haqqında ətraflı məlumat verib və fondun yaratdığı imkanların Azərbaycan və Vişeqrad qrupundan olan ölkələr arasında əməkdaşlığın gücləndirilməsində rolunun əhəmiyyətini vurğulayıb. Daha sonra isə “Digiuth” layihəsinin idarəetmə qrupunun üzvləri olan Orduxan Qəhrəmanzadə və Heydər Rzayev platformanın gənclərlə iş sahəsinə mühim bir yenilik gətirəcəyini qeyd edib, layihə haqqında hesabat verib, platformanın gələcək missiyası, hədəfləri barəsində iştirakçıları məlumatlandırıb və maraqlı tərəfləri əməkdaşlığa dəvət ediblər.
Sözügedən açılış mərasimi birliyin milli prezidenti Ramiyyə Şahgəldiyevanın moderatorluğunda baş tutub. Tədbirdə dövlət qurumlarının, Vişeqrad qrupundan olan ölkələrin səfirliklərinin və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Mərasimin rəsmi hissəsindən sonra çay fasiləsi təşkil olunub və Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə azərbaycanlı fotoqrafların Vişeqrad qrupundan olan ölkələrdə çəkdikləri fotolar sərgilənib.
Xatırladaq ki, Erasmus Tələbə Şəbəkəsinin Azərbaycan nümayəndəliyi 2016-ci ildə təşəbbüs qrupu olaraq yaradılıb, 2019-cu ildə isə rəsmi qeydiyyata alınıb. Birliyin əsas fəaliyyət sahəsi gənclərin Erasmus+ və digər proqramlar vasitəsi ilə xaricdə təhsil almasına və təcrübə qazanmasına dəstək olmaq, Erasmus+ proqramının məzunları arasında əlaqə yaratmaq, beynəlxalq könüllülük proqramlarını təşviq etmək, inkluziv təhsilin inkişafına töhfə vermək, əcnəbi tələbələrin (gənclərin) ölkəmizdə sosial və mədəni inteqrasiyasına yardım etməkdən ibarətdir.