Startaplar: Rəqəmsal Dünya

  • 07-Jul-2024 14:04

 STARTAPLAR: RƏQƏMSAL DÜNYA

Rəqəmsal startap müəyyən bir innovativ ideyanın ortaya çıxması ilə yaranan biznesdir. Bu cür biznes sahələri gündən-günə inkişaf edən və getdikcə rəqəmsallığa tendesiyası olan bazara daha sürətli şəkildə adaptasiya ola bilir. Bu gün istənilən hər hansı bir proqram təminatının yüz minlərlə nüsxəsini heç bir marjinal xərc çəkmədən internetdə yaymaq və dəfələrlə satmaq mümkündür. Ancaq startaplar digər biznes növləri ilə müqayisədə daha risklidir və uğurlu olub-olmayacağını əvvəlcədən ehtimal etmək bəzən çətin olur. Buna görə də, bir biznes ideyasını həyata keçirmək üçün kifayət qədər üzərində yaxşı düşünmək və düzgün qərar vermək lazımdır.

STARTAPLAR : BÖYÜK PUL İTKİSİ

Startapı hər hansı bir biznes növündən fərqləndirən əsas cəhət onun ilkin mərhələsində qoyulan sərmayənin miqdarıdır. Digər biznes növləri ilə məşğul olan biznesmenlər başlanğıc mərhələdə müəyyən bir zərər ilə qarşılaşır, amma qısa bir müddət ərzində də sürətlə mənfəət qazanmağa başlayır. Təbii ki, əgər hər şey yolunda getsə, həmin biznes böyüyəcək və daha çox mənfəət qazandırmağa başlayacaq. Ancaq bu situasiya startaplar üçün bir qədər fərqlidir. Başlanğıc mərhələdə digər biznes növlərinə nisbətən xeyli pul itirmə ehtimalınız daha çoxdur və uzun bir müddətdən sonra, hətta, bəlkə də, uzun illər sonra artıq mənfəət əldə etməyə başlayacaqsınız. Amma, əlbəttə ki, bunu da qeyd etmək lazımdır ki, startapların böyük əksəriyyəti elə məhz ilkin mərhələdə çox böyük zərərlərlə qarşılaşır, uğurlu ola bilmir, mənfəət qazandırmır və, beləliklə, bazardan xaric olunur.

BƏS NİYƏ AĞILLI İNSANLAR BU RİSKİ GÖZƏ ALIR?

Startaplar nə qədər riskli olsa da, digər biznes növləri ilə müqayisədə daha çox mənfəət qazandırır. Bir startapın inkişaf etməsi üçün, ilk olaraq, o ideyanı həyata keçirmək lazımdır, yəni onu yaratmaq. Buna hər hansı bir rəqəmsal xidməti və ya məhsulu misal kimi göstərə bilərik. Müəyyən bir rəqəmsal xidməti yaratmaq üçün müxtəlif investorlar sərmayə qoyur, minlərlə insan bir yerə yığışır, onun üzərində çalışır və rəqəmsal bazara çıxartmağa çalışır. Bəs niyə? Çünki nə qədər böyük bir şey ortaya çıxarılsa, bir o qədər də bazarı öz əllərinə alacaqlar. Facebook, Google, Twitter, Amazon və s. kimi nəhəng şirkətləri buna misal çəkə bilərik.

RƏQƏMSAL STARTAPLARA TENDENSİYA: MARJİNAL XƏRC

Rəqəmsal məhsul və xidmətlərin istehsalı fiziki sənaye məhsul və xidmətlərin istehsalından çox fərqlənir. Fiziki məhsulların istehsalına xammalın alınması, məhsulların bazara çatdırılmazdan əvvəl saxlanılması üçün yaradılan anbarlar və onların bazara çatdırılması üçün tələb olunan daşınma xərcləri daxildir. Bu situasiyaya iqtisadi yanaşma ilə baxsaq, bu fərqi daha yaxşı izah etmək mümkündür.

Belə ki, fiziki məhsulların istehsalı üçün iki cür xərc tələb olunur:

Sabit xərclər - İstehsal olunan mal və ya xidmətlərin səviyyəsindən asılı olmayan biznes xərcləri.

Dəyişən xərclər - İstehsalın artması ilə artan xərclər.

Fiziki məhsulların istehsalı zamanı məhsulların sayı artır, bununla da dəyişən xərclər də artır və, bununla da, marjinal xərc sıfır ola bilmir.

Marjinal xərc - İstehsal prosesində son bir vahid məhsulun istehsalı zamanı yaranan (artan) ümumi xərcdir.

 Ancaq rəqəmsal məhsul və xidmətlərin istehsal xərcləri fərqlidir:

●  Rəqəmsal məhsulun əsas xərclərinə sərmayə və istehsal platforması ilə bağlı xərclər və cari xərclər daxildir. Məhsul və istehsal platforması hazırlandıqdan sonra isə bir məhsulun yenidən istehsal xərci, demək olar ki, sıfırdır. Məsələn bəzi biznes sahibləri öz rəqəmsal məhsullarını və servislərini heç bir marjinal xərc çəkmədən paket şəklində sataraq kifayət qədər mənfəət əldə edir. Məsələn, “Microsoft Offce 365” paketini buna misal çəkə bilərik. Bu paketin içinə Word, Excel, PowerPoint, OneNote, Outlook, Publisher və Access kimi proqramlar daxildir.

●  Məhsulun yalnız bir nüsxəsini saxlamaq kifayət edir. Məhsulun nüsxələri tələb olunduğu anda dərhal eynisi istehsal olunur. Bu nüsxələri də İnternet üzərindən yaymaq demək olar ki, çox ucuzdur, hətta sıfırdır.

Bununla bağlı, təbii ki, istisnalar mövcuddur. Məsələn, musiqi, kitablar və filmlər kimi müəllif hüququ ilə qorunan materiallar üçün lisenziya tələb edilə bilər. Bu zaman bu cür rəqəmsal məhsullar üçün marjinal xərc artıq sıfır deyil.

Marjinal xərc sıfır olduğu müddətdə bir biznesin məsul olduğu tək xərc sabit xərclər olur. Sabit xərclər isə istehsalın artmağa başlaması ilə azalmağa başlayır. Məhz buna görə də, bu gün texnologiya sahəsində inkişaf ilə bağlı olaraq startapların əsas istiqaməti bu yöndədir.

 STARTAPLARI UĞURA APARAN YOL: TƏK YOXSA KOMANDA ?

Gündəlik həyatımızda ağlımıza minlərlə düşüncə və ideya gələ bilər. Ancaq bunları həyata keçirmək göründüyü qədər asan deyil. Bəlkə də, həqiqətən, çox uğurlu bir biznes ideyanız var, ancaq texniki bacarıqlarınız olmadığı üçün bunu reallaşdırmaq sizə çətin gəlir. Məhz buna görə də, bir-birilərinin əksiklərini tamamlayan güclü bir komanda uğurlu bir biznes ideyası üçün çox mühim bir rol oynayır.

  • - Güclü bir komanda mühiti sayəsində komanda üzvləri bir-birilərinə müxtəlif bacarıq, bilik və təcrübələrini ötürmək şansı əldə edir. Hər komanda üzvün müxtəlif mözvulara yanaşma bucağı fərqli olduğundan, bu, innovativ yaradıcılığa və səmərəliliyə gətirib çıxardır və, eyni zamanda, yaranan hər hansı bir problemlə çox qısa müddət ərzində həll yolu taparaq vaxt və resurslardan qənaət edilir.

- Komanda ruhu sayəsində üzvlər bir layihə üzərində işləyərkən öz məsuliyyətlərini daha dərindən hiss edir və daha yaxşısı üçün daima  çalışırlar.

 

STARTAPLARIN UĞUR SİRRİ: DÜZGÜN VAXT SEÇİMİ

Bəs startapların uğur sirri nədir? Əlbəttə ki, biznes ideyalarını düzgün zamanda həyata keçirmək ən əsas faktorlardan biridir. Buna 2020-ci ildə COVID-19 pandemiyası zaman yaranan video görüntülü proqramlara olan yüksək təlabatı misal çəkə bilərik. 2020-dən əvvəl Zoom, Google Meet, Microsoft Teams və adını çəkmədiyim yüzlərlə proqram hər nə qədər kommunikasiya və əməkdaşlıq məqsədləri üçün nəzərdə tutulsa da, bu günkü kimi tələbat o dərəcədə də deyil. Ancaq bu cür proqramlar 2020-ci ildə öz pik nöqtəsini yaşadı və, bununla da, növbəti illərdə istehlakçıların daha da diqqətini cəlb etmək üçün yenilikçi xüsusiyyətlər əlavə edərək həmin proqramları daha təkmilləşdirməyə başladılar. Bu səbəbdən, düzgün vaxtı seçmək üçün istehlakçı davranışını doğru şəkildə analiz etmək lazımdır. Bundan əlavə, bir biznes ideyasını həyata keçirməzdən əvvəl bu suallara da cavab tapmaq lazımdır:

-  Bu gün dünyada bazarda əsas problemlər nədir?

-  Bu gün istehlakçılar əsasən nədən narazıdır? İstehlakçılar nə istəyir?

-  Bu biznes ideyasını sadəcə xüsusi bir kütlə ( uşaqlar, gənclər, tək bir ölkə və s.) üçün nəzərdə tutmalıyam ya hər kəs üçün? Həmin kütlə bunu (bu yeniliyə) hazırdır mı? 

-  Məndən əvvəl buna oxşar biznes ideyaları həyata keçirilib? Keçirilibsə, nə qədər uğurlu olub?

-  Uğurlu olmayanların, yaxud nisbətən uğurlu olanların zəif cəhətləri nələr idi?

-  Rəqəmsal bazarın tendesiyası hər gün bir yenilik ilə dəyişir, mənim biznes ideyam buna hazırdır mı? ( Məsələn:  Nokia proqram təminatı və xidmətlərin artdığı mobil sənayedə yaranan tendensiyalara uyğunlaşmaqda çətinlik çəkdiyi üçün uğursuz oldu.)

STARTAPLAR ARASINDA MÜBARİZƏ: DAHA AŞAĞI QİYMƏT YOXSA DAHA ÇOX İSTİFADƏÇİ?

Bu gün, demək olar ki, rəqəmsal məhsulların və xidmətlərin böyük əksəriyyəti pulsuz şəkildə internetdə mövcuddur. Bəs o zaman startap biznesmenləri necə pul qazanır? Rəqəmsal iqtisadiyyatda şirkətlərin çoxusu istifadəçi başına sıfır orta gəlirlə işləyir, buna görə də həmin şirkətlər heç bir gəlir əldə etmir. Marjinal xərc sıfır olduğundan, istifadəçilərə çatdırılan xərc də sıfır olur və, beləliklə, məhsulların əksəriyyəti pulsuz şəkildə əlçatan olur. Bu cür şirkətlər bir-biriləri ilə daha aşağı qiymət üstündə deyil, daha çox istifadəçi uğrunda mübarizə aparırlar. Çünki bu cür şirkətlərin əsas gəlir mənbəyi reklamlardan gəlir. Nə qədər çox istifadəçi olsa, bir o qədər də reklam üçün həmin platforma cəlbedici olacaq. Google, Facebook, Twitter, Youtube və s. kimi proqramları buna misal çəkə bilərik.

RƏQƏMSAL DÜNYA: DAĞIDICI GÜC

Rəqəmsal startapların həyatımızdakı təsirini qeyd etmədən keçmək olmaz. Rəqəmsal iqtisadiyyatda sırf sadəcə rəqəmsal şirkətlər arasında mübarizə yarandığı kimi, rəqəmsal və ənənəvi şirkətlər arasında da mübarizə yaranır. Məsələn, buna onlayn və ənənəvi geyim mağazalarını misal çəkə bilərik. Daha bir misalı isə CD3 diskləri üçün də verə bilərik. İnsanlar əvvəllər musiqi dinləmək üçün disk almaq məcburiyyətində idilər, ancaq bu gün istənilən hər hansısa bir musiqini Youtube, Spotify və s. kimi proqramlar vasitəsilə rahat bir şəkildə dinləmək mümkündür. Ancaq bütün bunlar, məsələn, bankların rəqəmsal formalarının yaranması, ödənişlərin böyük bir hissəsinin elektron cihazlarla həyata keçirilməsi, insanların ehtiyacı olan çox şeyi internet vasitəsilə satın alması və s. kimi fəaliyyətlər özü ilə birlikdə bir çox təhlükəsizlik və məxfilik problemlərini də yanında gətirir. Bu cür problemləri həll etmək üçün təhlükəsizlik qaydaları gücləndirilir, hökumət qanunvericiliyində dəyişikliklər həyata keçirilir və cəzalar müəyyənləşdirilir. Bütün bunlar rəqəmsal startapların həyatımıza güclü təsirlərindən sadəcə bir neçəsidir.

References

  • 1.  Fournier, L. (2014). Merchant sharing: Towards a zero marginal cost economy. ArXiv, 1405.2051.

    2.  Grossman, R. (2016, March 21). The industries that are being disrupted the most by digital. Harvard Business Review.

    3.  Christensen, C. (1997). The innovator's dilemma: When new technologies cause great firms to fail. Harvard Business School Press.

    4.  Tapscott, D., Ticoll, D., & Herman, D. (2006). Digital conglomerates: Setting the agenda for enterprise.

    5.  Gross, B. (2015). TED, The single biggest reason why start-ups succeed. https://youtu.be/bNpx7gpSqbY?si=Rumxu1k1dOR9AGtk.

    6.  Overby, H., & Audestad, J. (2018).  Introduction to Digital Economics.

  • Müəllif: Aydan İbrahimli