İnsan həyatının mühüm mərhələlərindən birini uşaqlıq dövrü təşkil edir. Uşaqlıq dövründə əldə olunan müsbət və ya mənfi təcrübələr insana ömürboyu təsir göstərə bilər. Uşaqlıq dövrü təcrübələrinin formalaşmasında rolu olan yeganə insanlar valideynlər deyil. Bildiyimiz kimi, insanın sosiallaşmasının əsası ailədə qoyulur. Növbəti mərhələdə isə bu proses ilkin sosiallaşma müəssisələrindən biri olan məktəbdə davam edir. Məktəb insan ömrünün 11 ilini əhatə etməklə şagirddə hər bir mənada unudulmaz xatirələr yarada bilər. Bu dövrdə insan elm, təhsil və cəmiyyətlə bağlı ilkin biliklərə yiyələnir, özünün peşə istiqamətini müəyyən edir, hətta, bəzən bir ömür davam edəcək dostluqlar qurur. Məktəb insanın sosiallaşmasına həm müsbət, həm də mənfi təsir göstərə bilər. Belə ki, məktəbdə mövcud olan vəziyyət, yəni şagird-müəllim, şagird-şagird münasibətləri, şagirdlərin bir-biri ilə davranışı və s. kimi amillər insanın sosiallaşmasına bir tərəfdən müsbət təsir göstərərək onun şəxsiyyət kimi formalaşmasına təkan verə, digər tərəfdən isə şəxsə mənfi təsir göstərərək onun asosiallaşmasına, cəmiyyətdən təcrid olunmasına və ən son nəticə olaraq, intihara qədər gətirib çıxara bilər.
Müasir dövrdə uşaqlar arasında olan neqativ davranışlar xüsusilə artmışdır. Belə davranışlardan biri də müxtəlif formalarda özünü göstərən bullinq davranışıdır. Bullinq 1970-ci illərə qədər uşaqlar arasında olan normal bir davranış kimi qəbul edilirdi. Ancaq 1982-ci ildə Norveçdə 10-14 yaşlarındakı 3 nəfər oğlanın bullinq səbəbindən intihar etməsi nəticəsində bullinq vacib bir problem kimi diqqət cəlb etməyə başladı. Bullinqlə bağlı ilk tədqiqatlar 1970-ci illərdə Bergen Universitetinin müəllimi, professor Dan Olweus tərəfindən həyata keçirilmişdir. Bir elm adamı olaraq Olweus İsveç və Norveç məktəblərində mövcud olan bu məsələnin mahiyyətini, növlərini, səbəblərini və yaranmasını maraq və qətiyyətlə araşdıran ilk insan olmuşdur (Rigby, 2007).
Bullinq anlayışının mahiyyətini başa düşmək üçün onun elmi ədəbiyyatdakı təsvir və tərifinə baxmaq lazımdır. Qeyd etmək yerinə düşər ki, tədqiqatçılar arasında bullinqin tərifi ilə bağlı yekdil bir fikir yoxdur. Bullinq probleminə tədqiqatçılar öz mövqelərindən yanaşaraq təriflər vermişlər. Bəziləri bullinqi başqalarına qarşı qəsdən yönəlmiş aqressiv davranışlar kimi qiymətləndirdiyi halda, digərləri isə davranışın bullinq kimi qiymətləndirilməsi üçün bu cür davranışların mütəmadi olaraq təkrarlanmasını vacib hesab edir. Elmi ictimaiyyət arasında ən çox işlədilən tərif məhz Olweusun verdiyi tərifdir. Olweusun (1993) tərifinə görə, “Bullinq – fərdin bir və ya bir neçə insanın mənfi davranışlarına davamlı və sistemli şəkildə məruz qalmasıdır” (səh., 9). Tədqiqat işinin məqsədi və tərifin əhatəliliyinə görə Olweusun verdiyi tərif üzərindən davam etmək daha məqsədəuyğundur. Olweus bütün aqressiv davranışların bullinq olması qənaətində deyil. Onun fikrincə, bir hərəkətin bullinq kimi qəbul edilməsi üçün üç əsas meyar ödənməlidir. Bu meyarlar aşağıdakılardır:
1. Qəsdən zərər vermək məqsədi güdən aqressiv davranışın olması;
2. Davamlılıq, yəni bullerin belə hərəkətləri bir dəfə deyil, davamlı şəkildə etməsi; Bu o deməkdir ki, bu davranış bir dəfə ilə kifayətlənmir. O, bunu həftədə bir neçə dəfə təkrar edir.
3. Buller və qurban arasında güc bərabərsizliyinin olması; Başqa sözlə desək, bullinqə məruz qalan qurban özünü çarəsiz hiss etməli və bullinqə qarşı özünü müdafiə edə bilməməlidir (Olweus, 1999).
Olweus tərəflər arasında mövcud olan güc bərabərsizliyinin həm fiziki, həm də psixoloji səviyyələrdə ola biləcəyini vurğulayır. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, bullinq uşaqlar arasında baş verən davalardan fərqlənir. Uşaqlar arasındakı davalar qarşılıqlı əlaqənin qaçılmaz nəticəsidir və biz onunla hər bir inkişaf mərhələsində qarşılaşa bilərik. Lakin bu o demək deyildir ki, hər bir dava özündə buller-qurban münasibətini ehtiva edir. Bullinq qurbana yönəlmiş təkrarlanan aqressiv davranışdır. Bullinq davranışında iştirak edən tərəflərin fiziki, emosional və ya idrak güclərində bərabərsizlik vardır və qurban özünü müdafiə etməkdə çətinlik çəkir. Yekun olaraq qeyd etmək vacibdir ki, bir hərəkətin bullinq hesab olunması üçün aqressivlik kifayət deyil, bunun üçün tərəflər arasında qeyri-bərabər güc, qəsdən edilmə və davamlılıq kimi xüsusiyyətlər də olmalıdır. Məsələn, aqressivlik xüsusiyyətlərinə malik olsa da, fiziki və ya əqli gücü təxminən bərabər olan iki nəfərin bir-biri ilə mübahisə etməsi və ya dalaşmasını bullinq adlandırmaq olmaz. Bir şəxsin ilk dəfə gördüyü başqa bir şəxsə qarşı müxtəlif səbəblərdən şifahi və ya fiziki şəkildə hücum etməsi davamlılıq xüsusiyyəti daşımadığı üçün bullinq sayıla bilməz.
Bullinqə dair elmi ədəbiyyatı tədqiq etdikdə bullinqlə bağlı yekdil bir tərifin olmadığı kimi, bullinqin təsnifatı ilə də bağlı vahid bir baxışın olmadığını görürük. Tədqiqatçılar bullinqin növlərini müxtəlif yollarla təsnif edərək təhlil etmişdir. Əslində, bullinqin hər bir növünü baş vermə üsuluna və fərdə dəymiş zərərə görə təsnif etmək olar. Baş vermə üsulu baxımından bullinqin fiziki, şifahi, cinsi və kiber kimi növlərini fərqləndirmək olar. Fiziki bullinq insanın bədəninə və ya əşyalarına zərər vermək məqsədi ilə həyata keçirilən bullinq növüdür. Kiminsə əşyasını oğurlamaq, sındırmaq, zədələmək və qəsdən məhv etmək fiziki bullinqə aiddir. Eyni zamanda vurmaq, döymək, silkələmək, təpikləmək, saçını yolmaq, çiyin atmaq, badalaq vurmaq, tüpürmək, əşyalarını zorla əlindən almaq və kənara tullamaq, itələmək kimi davranışlar da fiziki bullinq hesab olunur (Mahmudova, 2019). Bullinqin ən geniş yayılmış növlərindən biri şifahi bullinqdir. Şifahi bullinq alçaldıcı şayiələr yaymaq, təhdid etmək, şəxsin səsinə və ya danışıq tərzinə lağ etmək, alçaltmaq, qrupdan kənarlaşdırmaq, başqalarının gözündə cılızlaşdırmaq məqsədilə şəxsi nalayiq sözlərlə ittiham etmək, söyüş və ləqəblə çağırmaqla ifadə olunan davranış formasıdır (Mahmudova, 2019). Digər bullinq növləri ilə müqayisədə şifahi bullinqin müəyyən edilməsi nisbətən çətindir. Bullinqin bu növü qurban şəxsin psixologiyasına mənfi təsir göstərərək onun aşağılanmasına və cəmiyyətdən təcrid olunmasına səbəb ola bilər. Bu baxımdan da ailədə valideynlərin, məktəbdə isə müəllim və məktəb rəhbərliyinin son dərəcə diqqətli olması lazımdır. İnsan üzərində ən ağır travma yaradan bullinq növünün cinsi bullinq olduğunu söyləmək olar. Bullinqin bu növü cinsi ləqəb qoymaq, vulqar fikir və jestlər, icazəsiz toxunma və şəxsin iradəsinə zidd olaraq ona cinsi materialların göstərilməsi kimi davranışları özündə ehtiva edir (Jennifer & Janet, 2009). Əksər hallarda cinsi bullinqin hədəfi qızlar olsa da, oğlanların da cinsi bullinqə məruz qaldığı hallara rast gəlinir.
İnformasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edərək insan həyatının bütün sferalarına daxil olmuşdur. Bu faktor texnoloji alətləri (kompüter, telefon, planşet və s.) insan həyatının ayrılmaz hissəsinə çevirmişdir. Kompüter və internet texnologiyasının gətirdiyi saysız-hesabsız imkanların gündəlik həyatımızı asanlaşdırması ilə yanaşı, bu texnologiyaların həyatımıza təhlükə yaratması da danılmaz bir həqiqətdir. Uşaqların texnoloji vasitələrdən istifadəsinin artması və onlara lazımi səviyyədə nəzarət olunmaması məktəb mühitindəki bullinqin virtual mühitə keçməsinə, kiberbullinq adlı yeni bir bullinq növünün meydana gəlməsinə səbəb olmuşdur. Kiberbullinq dedikdə, kommunikasiya texnologiyalarından istifadə etməklə virus məzmunlu elektron məktublar, təhdid və təhqiredici elektron məktublar, təhdid və təhqiredici mesajlar göndərmək, qurbanın şəklini çəkmək və onun icazəsi olmadan internetdə paylaşmaq, şəklin üzərində erotik məzmunlu fikirlər və ya simvollar yerləşdirərək sosial şəbəkədə yaymaq və bu kimi digər davranışlar nəzərdə tutulur. İnternetin anonim strukturu və insanın özünü gizlədə bilməsi kiberbullinqə səbəb olur. Kiberbullinqlə məşğul olan insanlar cəsarətlə hərəkət edirlər, çünki şəxsiyyətləri asanlıqla gizlədilir və kimliklərinin açıqlanmayacağını bilirlər. Kiberbullinqin anonim xarakter kəsb etməsi və günün istənilən saatında həyata keçirilə bilməsi onu digər bullinq növlərindən fərqləndirən ən mühüm xüsusiyyətlərdir. İnternetdən istifadənin tezliyi ilə kiberbullinq arasında olan əlaqə araşdırılmış və nəticədə məlum olmuşdur ki, internetdə daha çox vaxt keçirənlər digərlərinə nisbətən daha çox kiberbullinqlə məşğul olurlar (Yiğit & Seferoğlu, 2017).
Uşaqlar arasında olan bullinq davranışları uzun illər o qədər də böyük əhəmiyyət kəsb etməmiş, uşaqlıq dövrünün xüsusiyyəti kimi şərh olunaraq təbii qəbul edilmişdir. Ancaq son dönəmlərdə şagirdlər arasındakı intihar və intihara cəhd hallarının artmasının kökündə məhz bu problemin olduğu müəyyən edilmişdir. Əvvəla qeyd etmək lazımdır ki, bullinq insanlar arasında baş verən və bir neçə rolu özündə birləşdirən bir davranışdır. Bu rollar buller, qurban və şahidlərdir (Şəkil 4). Bullerlər həmyaşıdları arasından bir şəxsi davamlı və sistematik şəkildə bullinqə məruz qoyan şəxslərdir. Qurbanlar bu aqressiv davranışa məruz qalanlar, şahidlər qrupu isə adından da göründüyü kimi bu davranışı sadəcə olaraq kənardan izləyənlərdən ibarətdir. Hansı rolda iştirak etməsindən asılı olmayaraq, bullinq davranışı bütün tərəflər üzərində mənfi təsirə malikdir. Bu təsir uşaqların fiziki və akademik sahələrində daha çox özünü göstərir. Bullinqin qurbanı olmuş uşaq məktəbə getməkdən qorxur və nəticədə, onun akademik uğurları getdikcə zəifləməyə başlayır. Bullinqə məruz qalan uşaqlarda baş ağrısı, mədə ağrısı, qəbizlik, yuxu və qidalanma pozğunluğu kimi fiziki əlamətlər ortaya çıxa bilər. Bu uşaqların zaman keçdikcə özünə və ətrafdakı insanlara olan hörmət və inamı azalır. Onlar dostlarından təcrid olunaraq, tənha və asosial insana çevrilə bilərlər. Bu uşaqlarda aqressiv davranışların artması, post-travmatik stress pozğunluğu və hətta intihara meyllilik kimi davranışlar da müşahidə oluna bilər (Karataş & Öztürk, 2011; Flannery, Wester və Singer, 2004). Buller və şahid uşaqlar da bu problemlərdən sığortalanmayıblar. Bu uşaqlarda depressiya, intihar düşüncələri, psixiatrik problemlər, qidalanma pozğunluğu, maddə aludəçiliyi, akademik sferada uğursuzluqlar və s. kimi problemlər yarana bilər.
Müasir dövrdə bütün ölkələrdə yayılmış olan bullinq problemi Azərbaycandan da yan keçməmişdir. Ölkəmizdə mövcud vəziyyəti qiymətləndirmək üçün Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) və Kütləvi İnformasiya Vasitələrində (KIV) yayımlanan məlumatlara əsaslanmaqla müəyyən mülahizələr irəli sürmək olar.
Bu gün bullinqin məktəblərdə çox təhlükəli epidemiya statusu qazandığını demək mümkündür. Bu problem azalmaqdansa getdikcə daha da artaraq, bütün yaş kriteriyasından olan şagirdləri əhatə edir. Bu davranışlar sinifdəki şagird-müəllim, şagird-şagird münasibətlərinin səviyyəsindən qaynaqlanaraq bu dərəcəyə gəlib çatmışdır. Sinifdə bu münasibətlər şəbəkəsi nə qədər insan hüquqlarına, müxtəlifliyə hörmət və qarşılıqlı anlaşma əsasında qurularsa, bu tipli hallarla rastlaşmaq ehtimalı da bir o qədər az olar. Gələcəyimizi formalaşdıran uşaqların travma altında böyüməməsi üçün bu problemin qarşısı vaxtında alınmalıdır. Bullinqin qarşısının alınması üçün ilk növbədə məktəbdə bullinqlə bağlı maarifləndirmə aparılmalıdır. Bu prosesdə müəllimlərin, şagirdlərin və ən əsası valideynlərin də iştirak etməsi mütləqdir. Birtərəfli məlumatlandırma bir o qədər də effekt verməyəcək, çünki uşaq məktəbdən sonra ailəsi ilə vaxt keçirir. Valideynlərin bullinq davranışının ilkin əlamətlərini bilməsi problemin beşiyindəcə boğulmasına kömək edəcəkdir. Eyni zamanda bu problemin aradan qaldırılması üçün məktəb psixoloqu çatışmazlığının və onların fəaliyyətinin effektivliyinin artırılması, ölkəmizdə bullinqlə bağlı qanun layihəsinin hazırlanması, həmçinin, dünya təcrübəsində çox yüksək effekt vermiş anti-bullinq proqramlarının (məsələn, KiVa) mövcud şəraitə uyğunlaşdırılaraq tətbiq edilməsi məqsədəuyğundur.
İstifadə edilmiş ədəbiyyat siyahısı
1. Azərbaycanda beynəlxalq şagird qiymətləndirməsi: bullinq, aidlik və kadr çatışmazlığı göstəriciləri. (2024, 11 yanvar). Elektron ünvan: https://agora-az.org/azerbaycanda-pisa-bullinq/
2. Flannery D.J, Wester K.L, Singer M.I. (2004). Impact of exposure to violence in school on child and adolescent mental health and behavior. Journal of Community Psychology, 32(5): 559-573.
3. Jennifer, P., and Janet S.H. (2009). “A longitudinal investigation of peer sexual harassment victimization in adolescence”, Journal of Adolescence, Issue: 32(5), 1173-1188, s.1175.
4. Karataş H, Öztürk C. (2011). Relationship between bullying and health problems in primary school children. Asian Nursing Research, 5(2): 81-87.
5. Mahmudova, L. (2019). Azərbaycan məktəblərində bullinqin profilaktikasına ətraflı yanaşma. Elektron ünvan: https://bakuresearchinstitute.org/a-comprehensive-approach-to-bullying-prevention-in-azerbaijani-schools-2/
6. Olweus, D. (1993). Bullying at school – What we know and what we can do. Oxford: Blackwell Publishers.
7. Olweus, D. (1999). Sweden. In P. K. Smith, Y. Morita, J. Junger-Tas, D. Olweus, R. Catalano & P. Slee (Eds.), The nature of school bullying: a cross-national perspective. London: Routledge.
8. Rigby, K. (2007). Bullying In Schools and What To Do About It. Aust Council for Ed Research.
9. Yiğit, M.F., & Seferoğlu, S.S. (2017). Siber Zorbalıkla İlişkili Faktörler ve Olası Çözüm Önerileri Üzerine Bir İnceleme. Online Journal of Technology Addiction and Cyberbullying, 4(2), 13-49.
Müəllif: Nurlan Quliyev