Bağlanma Nəzəriyyəsi
İlk dəfə John Bowlby tərəfindən elmə gətirilmiş, daha sonra Ainsworth tərəfindən aparılmış araşdırmalarla genişləndirilmiş bağlanma nəzəriyyəsi Psixoanaliz, Zehni- Emosional Psixologiya, Kontrol Sistemlər Nəzəriyyəsi və Etoloji yanaşma təməlləri üzərində qurulmuşdur.( Shaver və Mikulincer,2009. akt, Maraş, 2015). Bowlby ilk dəfə 1958-ci ildə erkən uşaqlıq illərində uşaqla ona baxım verən arasındakı bağ və bunun yetkinlik mərhələsindəki təsirləri haqqında tapıntıları ortaya qoymuşdur. Bowlbyə görə körpə doğulduqdan sonra ilk 12 aylıq müddətdə ona qayğı göstərən, baxım verənlə (ana və ya ata, baxıcı) sıx emosional, libidinal bir bağ formalaşdırmaqdadır. (Öztürk, Türel, Oğur, 2020). Bağlanma doğumdan sonrakı həyatının erkən illərində körpə və ona baxım verən şəxs arasında formalaşan və davamlı təkrarlanan xarakterə sahib bir münasibətdir ki, fərdin insanlarla əlaqə qurmasını formalaşdırır. Bowlby (1969) bağlanmanı başqa fərddə yaxınlıq axtarma və bu yaxınlığı davam etdirən davranışlar sistemi olaraq izah etmişdir (Ainsworth, Blehar, Waters və Wall, 2014, akt, Temiz 2018).
Bowlby (1973) bağlanmanın uşaq üzərindəki həyatı əhəmiyyətinin mövcudluğunu vurğulayırdı. O, heyvanlar üzərində apardığı təcrübələr əsasında bağlanma nəzəriyyəsini qurmuş və belə nəticəyə varmışdır ki, insanlararası bağlılıq heyvanlarla müqayisədə daha fərqli və üstündür. İnsan yaşamı üçün vacibliyini vurğulayarkən bağlılığın üç təməl funksiyasını ortaya qoymuşdur; uşaq kəşfə çıxdıqdan sonra geri dönə biləcəyi güvənli məkan olma, fizioloji ehtiyacın qarşılanması, həyata məxsus güvən hissi. (akt, Rəsulzadə, 2018). Körpə sağ qala bilməsi üçün qorunmağa, nəzarətdə olmağa daim ehtiyac duyur və bu ümumiləşmiş qayda olaraq bioloji valideynləri tərəfindən hayata keçirilir. Bu davranış təkamül yanaşmasına görə belə izah olunur ki, valideynlər uşaqlarını itirməmək üçün qoruyurlar, çünki onlar üçün önəmli olan digər faktor genlərinin uşaqlar vasitəsi ilə gələcək nəsillərə ötürülməsidir. (Van Rosmalen et al. 2014, 11-12, Akt, Kılıç, 2019).
John Bowlby bağlanmanın mərhələlər üzrə inkişaf etdiyini açıqlamış və bu mərhələləri dörd başlıq atında ifadə etmişdir :
1. İlk mərhələ bağlanma öncəsi mərhələ adlanır və doğumdan sonra ilk üç aya qədər davam edir. Bu müddət ərzində körpə insanları seçə bilmir, onları sadəcə qoxusu, səsi və bir neçə kobud üz xətləri üzərindən insanlara yönəlir. Ümumilikdə uşaq hamıya eyni reaksiya vermiş olur. Bu mərhələ üçün ən önəmli iki davranış gülmək və ağlamaqdır.
2. Bağlanmanın formalaşma mərhələsi üç aydan altı ayadək müddəti əhatə edir və bu səviyyədə bağlanmanın ilk xüsusiyyətləri öz əksini tapır. Artıq ona baxımverən şəxsi digərlərindən ayırır. Bu mərhələnin əsas xüsusiyyəti uşaqda qorxu duyğusunun inkişaf etməsidir.
3. Bağlanma mərhələsi adlanan üçüncü dövrdə uşaq ayrılıq təşvişi yaşamağa başlayır. Altı aydan üç yaşa qədər davam edən bu mərhələdə uşağın motor bacarıqlarının inkişafı müşahidə edilir. Uşaq iməklədikdən sonar yeriməyə başlayır. Bu mərhələdə uşaqlar tez-tez birinci dərəcəli bağlanma fiqurunu kontrol edir, göz təması qurmağa meyl edir. Baxıcı yaxın məsafədə olduqda uşaq rahatlıqla ətrafı kəşf etməyə yönəlir. Bağlılığın tam özünü göstərdiyi müddət altı aydan iki yaşa qədər olan dönəm hesab olunur.
4. Son mərhələ qarşılıqlı əlaqə inkişaf etdirmə mərhələsi adlanır. Bu mərhəə üç yaşdan uşaqlığın sonunadək davam edir. Uşaqlar bu mərhələdə baxıcıların geri dönməsin və tərk etməsinin səbəblərini anlaya bilir. Ayrılığa digər mərhələlərlə müqayisədə daha az reaksiya verir. Lakin ayrılıq uzun müddətli olmamalıdır. Əgər uzun müddətli deyilsə, baxıcı geri döndükdə əlaqəni yenidən qura bilir. Tam əks situasiyada isə uşağın əlaqə qura bilməməsinə səbəb olur. Bowlb-yə görə bu hal uşağın insanlardan uzaqlaşmasına və ünsiyyət qura bilməməsinə səbəb ola bilər. (Bowlby, 1973, akt, Rəsulzadə, 2018).
Bağlanma nəzəriyyəsi uşaq və birinci dərəcəli fiqur arasında yaranan sıx emosional bağın fərdin zehni və emosional cəhətdən inkişafına təsirini, davranışların tənzimlənəmsini (Gillath, Karantzas və Fraley, 2016, akt, Temiz, 2018) və mənlik qavramının inkişafını açıqlayan nəzəriyyədir (Bowlby, 1969, 1973,1980, akt, Temiz).
Erkən uşaqlıqdakı bağlanma stilləri
Bu nəzəriyyənin fokuslandığı əsas mövzulardan biri uşağın inkişafında valideynlərin roludur. Araşdırmalar göstəriri ki, valideynlərin uşaqlara qarşı münasibəti və davranış şəkli körpəlik, uşaqlıq və yeniyetməlik mərhələlərində valideynlə uşaq arasındakı bağlanma stilinə təsir edir. Bu sahə ilk olaraq Ainsworth (Ainsworth, Blehar, Waters və Wall, 1978; Ainsworth, 1985) və Amerikada Main (Main, Kaplan və Cassidy, 1985) və Sroufe ( 1983,1985), Almaniyada isə Grossmanın (Grossman, Grossman və Schwan, 1986) tərəfindən aparılan tədqiqatlarla genişlənmiş və klinik əhəmiyyətli faktlar müəyyən edilmişdir (Bowlby, 2012).
Araşdırmalara əsasən, erkən uşaqlıq dövründə inkişaf edən bağlanma stillərinin növləri müəyyən edilmişdir. Bowlby və James Robertsonun bir qrup kiçik uşaqlar üzərində aparmış olduğu tədqiqata görə valideyn-uşaq münasibəti öyrənilmişdir. Belə ki, tədqiqat zamanı uşaqlar valideynlərindən uzaqlaşdırılarkən onlar müşahidə edilir və uşaqların narahat davranışlar sərgilədiyi nəticəsinə varılır. Bowlby və Robertsonun müşahidələri göstərir ki, istər uşaq qidalandırıldıqdan sonra, istərsə də qidalandırıldıqdan əvvəl valideynindən ayrıldığında narahatlıq əlamətləri sərgiləyir. Bu tapıntı behavioristlərin əksinə olaraq, göstərir ki, valideyn uşaq arasındakı bağlanma qidalanmaya əsaslanmır və bağlanmanın ilkin təyinedicisi baxım və reaksiya vermədir. Bowlbyə görə bağlanma uşağın qorxarkən, məyus olarkən və ya hər hansı ehtiyacı olan anda bağlanma fiquruna qarşı axtardığı yaxınlıqdır (Bowlby, 1969). Nəticədə dörd bağlanma stili müəyyən etdi: güvənli (secure), narahat-qərarsız (anxious-ambivalent), çəkingən (avoidant) və dağınıq (disorganised) .
Güvənli bağlanma stilində birinci dərəcəli baxıcı və uşaq arasındakı bağ sağlamdır, münasibət qarşılıqlı məmnuniyyət hissinə əsaslanır, sevgi doludur. Bu uşaqların valideynləri uşaqları ilə daha çox vaxt keçirməyə üstünlük verirlər və uşağın istəklərinə anında, qısa müddətdə cavab verməyə yönəlirlər. Güvənli bağlanmış uşaqlar valideynlərindən ayrı düşərkən üzülsələr də, valideyn geri döndüyündə daha tez və asanlıqla sakitləşirlər. Yad insanlarla valideyn arasında seçim edərkən valideyni seçərlər. İkinci bağlanma stilinə mənsub uşaqlar valideynlərindən ayrıldıqda böyük reaksiyalar versə də, valideyn geri gəldiyində sakitləşməzlər. Bu uşaqlar yadlara qarşı münasibətdə şüphəci davranarlar. Narahat – qərarsız bağlanmış uşaqların inkişaf etdirdiyi münasibət valideynə qarşı soyuq və məsafəlidir. Yadlarla valideynləri arasında önəmli fərq qoymazlar, valideyn diqqəti və ya qayğısını diqqətə almazlar, yəni valideyn uşaqla maraqlandıqda bunu rədd etmirlər, lakin valideyn maraqlanmadıqda bu barədə uşağın hər hansı gözləntisi olmaz. Dağınıq bağlanma stilində isə uşaqların valideynlərinə qarşı tutumları dəyişkəndir və aydın bağlanma davranışı sərgiləməzlər. Valideynlərinə qarşı reaksiyaları müqavimət üzrə olaraq bir sıra davranışların qarışığı kimi müşahidə olunur.
Ainsworth 9-18 aylıq uşaqların üzərində 1970-ci ildə apardığı “Yad otaq” eksperimentinə, əsasən, uşaqların birinci dərəcəli fiqurla qurduğu bağlanmanın güvənli olub-olmadığını müəyyən etmişdir. Bu eksperiment ana, uşaq və yad şəxs arasında aparılırdı. Ana uşağın yanında ikən və otağı tərk etdikdən sonra uşağın davranışları müşahidə olunur və bağlanma stili müəyyən edilirdi. “Yad otaq” eksperimentinə görə Ainsworth erkən uşaqlıqda müşahidə olunan üç bağlanma stilini müəyyən etdi : güvənli - B tip, güvənsiz - qərarsız - C tip, güvənsiz - çəkingən - A tip.
Valideyninə güvənli bağlanmış olaraq sinifləndirilən uşaqlar analarından ayrıldıqda biraz narahatlıq yaşayırlar, lakin rahatlıqla ətrafı kəşf etməyə çalışırlar. Bu bağlanma stilindəki uşaqlar yadlarla rahatlıqla ünsiyyət qura bilmiş, valideyn geri döndüyündə sevinmişdilər. Həmçinin, kəşflərini birinci dərəcəli bağlanma fiquru ilə bölmüşdülər. Bu cür bağlanma stili bir valideyn tərəfindən əlçatan olabilmək, uşağın istəklərinə qarşı zamanında cavab verə bilmək ilə dəstəklənir.
C tip bağlanma stilində böyüyən uşaqlarda valideynindən ayrılarkən güclü narahatlıq və gərginlik müşahidə olunmuşdur və eyni zamanda uşaqlar ətrafındakı digər şəxslərlə ünsiyyət qurmağı rədd etmişdir. Ətrafı kəşf etməkdə maraqsız və istəksizdir. Valideyn geri qayıtdıqda asanlıqla sakitləşməmiş, bir yandan onları qucaqlamağa çalışarkən, digər yandan itələmişdir. Güvənsiz-qərarsız bağlanma stilinə sahib uşaqlar həmişə ayrılıq təşvişi yaşayırlar və bu səbəbdən tez-tez qucaqlamağa meyillidirlər. Ehtiyacları olduğunda valideynlərinin əlçatan olmasından və istəklərini qarşılamasından şübhəlidirlər. Bu stilə aid valideynlər müdaxiləçi və qərarsız olurlar.
Üçüncü bağlanma stilində uşaq valideyndən ayrılarkən çox təsirlənməmiş və geri qayıtdıqda çox az diqqət göstərmişdirlər. Bu uşaqlar başqaları ilə qarşılıqlı fəaliyyət və ya yaxınlıq qurmaqdan qaçmışdırlar. Güvənsiz – çəkingən stildə olan uşaqların valideynləri soyuq və diqqətsizdirlər. A tip bağlanma stilində uşaqlar valideynləri tərəfindən davamlı rəddedilməyə məruz qalır. Bu halda isə uşaq başqaların sevgisi və dəstəyi olmadan yaşaya bilmək üçün duyğusal cəhətdən özünə dönür və özünə yetərli olmağa çalışır (Bowlby, 2012).
Şəxsiyyət və onun inkişafı
Şəxsiyyət psixologiyası insanlararası fərqlilikləri, fərdlərin davranışlarını incələmək, səbəblərini araşdırmaq və elmi yanaşmalarla izah etməyə fokuslanıb (Hjelle və Ziegler, 1992, akt, Oral, 2016). İnsan bir biopsixososial varlıq olub, doğuşdan gələn təməl impulslarla doğulur ki, bu impulslar və qıcıqlanmalar əsasında şəxsiyyət sistemini formalaşdırır. İnsanın şəxsiyyət sistemi həyatına məna yükləmək, özünəxas mühit yaratmaq, xarici dünya ilə məsfəni yox etmək kimi bir sıra prosesləri özündə cəmləyir (Ünal, 2016). Şəxsiyyət xarakter, temperament, mənlik kimi sözlərə sinonim olaraq eyni mənada istifadə edilir. Temperament şəxsiyyətin emosional tərəfi olduğu halda, xarakter isə onun əxlaqi tərəfidir. Xarakterin formalaşmasına sosial mühit təsir edir. (Kaya, 1997). Mənlik fərdin özünü dəyərləndirən, öz fərqindəliyini anladığı və özünü tanıdığı tərəfidir. Mənlik şəxsin məqsəd və gözləntiləri, dəyərlər və inanclarından ibarətdir (Köknel, 1982, akt, Kaya 1997). Şəxsiyyət fərdin həm davranışları, həm də təcrübələrinin səbəbləri və bu səbəbləri araşdıran əməliyyat mexanizması kimi anlaşılır. Şəxsiyyətə müxtəlif təriflər verilə bilər (Cloninger, 2000, akt, Uçar, 2020).
Şəxsiyyət fərdin genetik olaraq doğuşdan sahib olduğu, mühitin təsirindən qismən dəyişikliyə uğrayan, davamlı olaraq təkrarlanan xüsusiyyətlərinin cəmidir (Taymur və Türkçapar, 2012, akt, Özdemir, Özdemir, Kadak ve Nasıroğlu, 2012). Yörükoğluna (1986) görə, xüsusiyyətlərin cəmi deyildikdə insanın fiziki, zehni, duyğusal xüsusiyyətlərinin bütünü nəzərdə tutulur və fərdi fərqliliklər yaradan şəxsiyyət anlayışı mühitə uyğunlaşmaq üçün davranış tərzini müəyyən edən faktordur (akt, Kaya, 1997). Aiken (1993) fərdin zehni, fiziki, emosional və sosial cəhətdən bütün xüsusiyyətlərin cəminə şəxsiyyət adı verərkən, Burger (2006) şəxsiyyəti fərdin özünəxas inkişaf etdirdiyi davranış şəkilləri və daxili proseslər olaraq izah etmişdir (akt, Uçar, 2020).
Şəxsiyyət insanın sahib olduğu çox qarışıq faktordur və yer üzündə milyonlarla insanın var olmasına baxmayaraq heç biri bir-biri ilə eyni deyildir. Şəxsiyyət insanları həm unikal olması ilə başqalarından fərqləndirən, həm də universal olması ilə müəyyən qrup daxilində sistematikləşdirən xüsusiyyətlər toplusudur. (Uzunoğlu, 2006a, akt, Gazioğlu, 2015).
Sağlam şəxsiyyətin formalaşmasının təməlini təşkil edən uşağın psixo-sosial və fizioloji, bioloji ehtiyaclarının gecikdirilmədən qarşılanmasıdır. Əks halda uşağın gərgin, narahat və depressif xüsusiyyətləri inkişaf etdirməsinə və sağlam şəxsiyyətin formalaşmasının əngəllənməsinə səbəb olar (Aral, Baran, Bulut və Çimən, 2012). Sezer (2010) yazır ki, erkən uşaqlıq dönəmində valideynlərin uşaqlara qarşı inkişaf etdirdiyi tutum və davranış şəkilləri şəxsiyyət inkişafının incələnməsi baxımından önəmlidir. Türkerə (2012) görə uşaq böyüyüyüb inkişaf etdikdə ailənin təsiri azalaraq, şəxsiyyət inkişafına dost münasibətləri, həmyaşıdlarla münasibətlər, məktəb mühiti, mədəniyyət və cəmiyyətdə formalaşmış sosial sistemlər kimi bir sıra faktorların təsiri dominantlıq təşkil edir (akt, Oral, 2016).
Bəzi nəzəriyyəçilərə görə, fərdin şəxsiyyətini təşkil edən bütün xüsusiyyətlər xaricdən müşahidə etməklə öyrənilə bilməz və şəxsiyyətin tamamilə öyrənilə bilməsi üçün fərdin özünün yox, fərdlərarası münasibətlərin incələnməsinin vacibliyini vurğulayırlar. Qısaca, nəzərdə tutulan şəxsiyyətin bir və ya daha çox fərdlə qarşılıqlı fikir mübadiləsi, ünsiyyət zamanı ortaya çıxması fikridir. Şəxsiyyət inkişafına təsir edən edən faktorlar arasında genetika ilə yanaşı mühit faktorları da yer almaqdadır. Genetik faktorlar olaraq uşağın valideynlərinin şəxsiyyət xüsusiyyətləri, bacarıqları və ya zəka səviyyəsi yer almaqdadır. Mühit adı altında təsir edən faktorlar uşağın böyüdüyü ailə, qidalanması, erkən uşaqlıqda beş duyğu üzvü ilə əldə etdiyi təcrübələr yer almaqdadır (Günay, 2015, akt, Aydoğdu, 2021).
Uşağın şəxsiyyət inkişafına təsir edən əsas faktorlar arasında ana-ata ilə əlaqə önəmli rol oynayır. Valideynlərin uşağa qarşı tutumları və davranış şəkilləri onun necə bir şəxsiyyət inkişaf etdirəcəyində xüsusi önəm kəsb edir (Kesebir, Kavzoğlu və Üstündağ 2011; Türker, 2012, akt, Özdemir və digərləri, 2012). Uşaq ilk mənliyini valideynlərini və ailə üzvlərini model alaraq formalaşdırmağa başlayır və mənlik ilk olaraq ailə ortamında inkişaf edir (Ersanlı, 1991, akt, Kaya, 1997). Oğlan uşaqları atalarını, qız uşaqları isə əsasən, analarını model alaraq onlar kimi davranmağa başlayar və bununla yanaşı mədəni-əxlaqi dəyərləri də valideynlərini təqlid edərək öyrənmiş olurlar. Valideynlərin uşaqlara bəslədiyi münasibətlər onların sosiallaşmasına və mühitdən gələn qıcıqlara necə reaksiya verəcəyində müəyyənedici rol oynamaqdadır. Valideynləri ilə sağlam münasibətlərə sahib uşaqlar dost çevrəsinə və cəmiyyətə daha tez adptasiya olur və müxtəlif situasiyalara uyğunlaşa bilirlər (Günay, 2015, akt, Aydoğdu, 2021).
Demokratik ailələrdə böyümüş uşaqların şəxsiyyət inkişafı qoruyucu, otoriter valideyn münasibətlərinə görə daha uğurlu baş tutur. Uşaqlara otoriter, həddindən artıq mühafizəkar və ya həddindən artıq sərbəst davranmaq uşaqların şəxsiyyətinin formalaşmasın, mənlik anlayışının dərk edilməsinə, uşağın özünün fərqinə varmasına və özünü qəbullanmasına neqativ təsir göstərir. Demokratik münasibət bəsləmək sağlam şəxsiyyət inkişafı üçün ideal hesab olunur, çünki valideynlərin münasibəti güvənverici, sabit olur. Bu münasibəti bəsləyən valideynlər uşaqların həm təcrübə edərək öyrənməsini təmin edir, həm də ehtiyac və istəklərini qarşılayır.
Qoruyucu valideyn münasibəti çərçivəsində böyüyən uşaqlar kəşf etmələrində maneələrlə qarşılaşırlar, çünki ana-ataların uşaqların məsuliyyəti altında olduğu və etməli olduğu bir çox sahədə onların önünə keçərək sərbəst kəşf etməsi və təcrübə əsasında öyrənməsini məhdudlaşdırır. Bu cür davranış şəkli uşağın sağlam şəxsiyyət formalaşdırmasına özgüvənsizlik və uşağın özünü yetərsiz zənn etməsi ilə mane olur.
Otoriter tipdə isə valideynlər uşaqlara cəzalar tətbiq edir və uşaqların valideynə uyğun davranmasını istəyirlər. Bu baxımdan, valideynlər uşağın istəkləri, şəxsiyyət xüsusiyyətlərini, inkişaf səviyyəsini diqqətə almadan davranarlar. Bu halda uşaqlar hisslərini ifadə edə bilməz və düşüncələrini aydın şəkildə ifadə etməkdən çəkinərlər. Bu cür valideyn yanaşması uşaqların sərbəst şəxsiyyət inkişafına mane olur və uşağın özünədəyər səviyyəsini azaldır ( Türker, 2012, akt, Özdemir və digərləri,2012).
Bağlanmanın şəxsiyyət inkişafına təsiri
İnsan övladına dünyaya göz açdığı andan etibarən sosial-mədəni cəhətdən yaşadığı mühit şərtləri təsir edir. Bir uşağın sağlam inkişafı ətrafındakı yetkin fərdlərin göstərdiyi dəstəklərdən asılıdır və hər bir uşağın doğularkən dünyaya müəyyən potensialla gəldiyi və inkişafının müəyyən mərhələsində bu potensialı ən yüksək səviyyəyə çatdırdğı öyrənilmişdir (Ural, 2003, akt, Görgü, 2018). Erkən uşaqlıq dövrü uşaqların daha çox emosional təcrübələr əldə etdiyi, şəxsiyyətini əhəmiyyətli şəkildə inkişaf etdirdiyi və öz dünyalarını genişləndirdiyi bir dönəmdir. Zehni proseslərin aktivliyinin artdığı və sosial təcrübələrin üstünlük təşkil etdiyi bu mərhələ uşaqların mənliklərini, emosional yetkinliklərini və əxlaqi dəyərlərini inkişaf etdirməyi təmin edən dövrdür (Santrock, 2011, akt, Tatlılıoğlu, 2012).
İçində olduğumuz zaman kəsiyində sağlam bir fərd kimi yetişmək erkən uşaqlıq dövrümüzdəki birinci dərəcəli fərdlə (valideyn, baxıcı) qurduğumuz əlaqəni təməl alan bağlanma nəzəriyyəsi ilə açıqlanır. İlk dəfə John Bowlby tərəfindən işlənilmiş bağlanma nəzəriyyəsi fərdi fərqlilikləri mənimsəmək və araşdırmaq cəhətdən xüsusi önəm kəsb edir (Sümer, 2006 . akt, Türk, 2016).
Körpələr və kiçik uşaqların ehtiyaclarını ödəmək, onların qayğısına qalmaq tək bir şəxsin və ya sadəcə ananın məsul olduğu və ya yerinə yetirə biləcəyi bir iş deyildir. Birinci dərəcəli baxıcıya hər zaman dəstək lazımdır, hansı ki, bu baxıcının məsuliyyətini layiqincə tamamlaya bilməsi və yorğunluqdan bitkin hala gəlməməsi üçün vacib əhəmiyyət daşıyır. İçində yaşadığımız dünyanın əksər toplumlarında erkək və qadın gücünün evlərində xoşbəxt, sağlam, özgüvənli uşaqları yetişdirmək üçün sərf edilməsi hesaba qatılmaz. Chicagoda Grinkerin rəhbərliyi ilə təşkil olunmuş (1962) və daha sonra Offerin araşdırmaları ilə davam etdirilmiş (1969) bir eksperiment daxil bir sıra çalışmanın sonunda hər iki valideynin uşaqlarla yetərincə zaman keçirdiyi, diqqət və qayğı göstərdiyi evlərdə sağlam, özgüvənli, xoşbəxt uşaqlar, yeniyetmələrin və gənclərin böyüdüyü nəticəsinə varılmışdır. ( Bowlby, 2012).
Bowlby, uşaqlıq dövründəki bağlanmanın əhəmiyyətini şəxsiyyət inkişafı və eyni zamanda ətraf mühitə uyğunlaşmaqla əlaqələndirmişdir (Reiner və Spangler,2013). Onun fikrincə, uşaqlıqdakı münasibətlər gələcək həyatımıza təsir edir və xüsusilə gələcək münasibətlərimiz üçün model rolunu oynayır ki, bu da başqalarına qarşı gözləntilərə, inama və sosial yetərliliyə təsir edir (Collins və Read, 1990). Bowlbynin (1982) “Daxili modellər” adlandırdığı əslində, uşağın qurduğu münasibət tərzi, birinci dərəcəli bağlanma fiqurunun uşağa verdiyi reaksiyalar və uşağın əldə etdiyi təcrübələrdir. Daxili modellər fərdlərin münasibətlərini şüurlu şəkildə istiqamətləndirən modellərdir (akt; Türk, 2016). Uşağın qayğısına qalan şəxs-baxıcı, valideyn onun istəklərinə anında cavab verirsə, gözləntilərinə olumlu reaksiya verirsə uşaqdakı daxili model güvənli, lakin tamamilə əksi olarsa, yəni birinci dərəcəli bağlanma fiquru diqqətsiz, məsuliyyətsiz davranış sərgiləyir və gözləntiləri qarşılamır, uşağın istəklərinə qarşı rəddedici tutum sərgiləyirsə daxili model güvənsiz olaraq formalaşır. (akt; Görgü, 2018).
Bowlby (2012) açıqlamışdır ki, hansı yaşda olmağımızdan asılı olmayaraq, bağlanma davranışının əsas əhəmiyyəti emosiya intensivliyidir. Emosiyanın intensivliyi uşaqla – bağlanan fərdlə birinci dərəcəli bağlanma fiquru arasındakı münasibətə əsasən dəyişir. Münasibət pozitiv istiqamətdə irəliləyirsə, sevinc və güvən duyğusunun, təhdid altındadırsa qısqanclıq , qayğı və qəzəb duyğusunun, lakin münasibət pozulursa, yas və depressiyanın yaşandığını vurğulamışdır.
Fərdin həyatının ilk illəri iləridəki həyatına, xüsusilə də seçimlərinə, davranış şəkillərinə, düşüncə və qərarlarına böyük ölçüdə təsir edir. Bağlanma stilləri körpənin ilk illərdə onun qayğısına qalan şəxslə yaratdığı və davam etdirdiyi məmmuniyyət hissinə əsaslanan münasibətdir (Ainsworth, Blehar, Waters və Wall, 1978, akt; Erzen və Kara 2022). Güvənli bağlanma stili ilə bağlanmış uşaqlar daha asan sosiallaşa bilən, ailə və dostları ilə münasibəti güvənli olan, özünə və başqaların güvənən, sosial problemləri olmayan və asan yolagedən fərdlər kimi yetişir. Güvənsiz bağlanma stilinə mənsub uşaqlarda isə tamamilə əks xüsusiyyətlər müşahidə olunur. Onlar adaptasiya problemi yaşayan, başqaları ilə ünsiyyət qurmaqdan çəkinən, güvən problemi yaşayan və hisslərini idarə etməyi bacarmayan, həssas fərdlər olaraq formalaşarlar (Kesbir və digərləri, 2011, akt, Özdemir və digərləri, 2012). Güvənli bağlanan uşaqların gələcək həyatında sağlam psixologiyaya sahib olduğu (Frederick, Sandhu, Morse və Swami, 2016, akt, Erzen və Kara, 2022), lakin güvənsiz bağlanan uşaqların daha çox psixoloji problemlər yaşadığı və ruhsal sağlamlıq səviyyəsinin aşağı olduğu müəyyən edilmişdir (Hartshaver və Goldenberg, 2005; Helm və digərləri, 2020; Rapson Gomez və McLaren, 2007, akt, Erzen və Kara, 2022).
Araşdırmalara görə, erkən dövr bağlanma stillərinin uşağın sosial və emosional cəhətdən inkişafında təsirli olduğu müəyyən edilmişdir. Uşaqlar bağlanma stillərinə əsasən, gələcək həyatlarındakı münasibətin güvənli və ya güvənsiz olduğunu müəyyən edir, eyni ilə erkən uşaqlıqda birinci dərəcəli bağlanma fiquru ilə qurduğu münasibətdəki kimi. Uşaqlar bağlanma ilə birlikdə sosial əlaqələri, emosional qavramanı və güvənli bağlanma stili ilə özgüvən duyğusunu inkişaf etdirən bir çox münasibətləri təcrübədən keçirirlər. (Thompson, 2003, akt, Kılıç, 2019).
Bartholomewə (1990) görə, güvənli bağlanma stilində böyümüş fərdlər özünə və başqalarına xoş münasibət bəsləməkdə və özünü və başqalarını yaxşı nöqteyi-nəzərdən dəyərləndirməkdədir. Bu fərdlər özlərini sevilməyə dəyər olduğunu düşünməklə yanaşı, başqalarını güvənli, xoş niyyətli və dəstəkləyən olduğunu düşünməkdədirlər. Onları digərlərindən fərqləndirən əsas xüsusiyyətlər yüksək özgüvənə sahib olmaları, başqaları ilə rahatlıqla ünsiyyət qura bilməsi və fikir mübadiləsi aparmaqdan çəkinməmələridir. Biganə bağlanma stilindəki uşaqlar özünü yaxşı dəyərləndirsə də, başqalarına xoşagəlməz prespektivdən yanaşır. Bu bağlanma stili ilə böyümüş fərd sadəcə özlərinin dəyərli olduğunu düşünərlər. Belə fərdlərdə məcburedici güvən hissi inkişaf edir, yaxın münasibətlərə qarşı diqqətsiz olur və bu münasibətlər onlar üçün əhəmiyyət kəsb etmir. Qorxulu bağlanma stilində olan uşaqlarda aşağı özünə hörmət duyğusu inkişaf edir. Özünə və başqalarına qarşı xoşagəlməz münasibət bəsləyir. Rəddedilmək qorxusu yaşayan fərdlər sosial fəalliyyətlər və münasibətlərdən qaçırlar. Obsessed bağlanma stilində isə fərd özünə qarşı yox, başqalarına qarşı xoş münasibət bəsləyir. Onlar özlərini dəyərsiz, sevilməyə dəyməz fərdlər olaraq zənn edərlər. Belə fərdləri fərqləndirən əsas xüsusiyyətlər mənlik dəyərinin aşağı olması, münasibətlərə həddindən artıq məna yükləmək, kiminsə sevgisi və diqqətinə həddindən artıq bağlanma və fərdlərarası münasibətlərdə tələbkar tərəf olmasıdır (Handerson,2005, akt, Kılıç, 2019).
Sevgi dolu, isti və qərarlı münasibət bəsləyən birinci dərəcəli bağlanma fiquruna sahib olmuş fərdlər özlərini dəyərli hiss edərək, sevilməyə dəyər olduğunu düşünərək bir mənlik modeli, insanların güvənli və yadımsevər olduğuna dair başqaları modeli inkişaf etdirdiyi halda, güvən ehtiyacları qarşılanmayan fərdlər özgüvənsiz, özünün dəyərsiz olduğunu düşündüyü mənlik modeli və başqalarının da güvənsiz olduğuna əsaslanan başqaları modeli inkişaf etdirərlər (Bowlby, 1973, akt, Şeleci, 2014).
Araşdırmalar göstərir ki, güvənli bağlanma stilində böyümüş uşaq xaraktercə məşhurluğa meyilli, dözümlü və bacarıqlı fərd kimi inkişaf edir. Güvənsiz-çəkingən bağlanma stilinə mənsub uşaqlar xarakter baxımından davakar, antisosial fərd kimi böyüyür. Bu fərdlər emosional cəhətdən təcrid olunmuş və ziddiyətli şəkildə diqqət və qayğı, sevgi axtarışındadır. Güvənsiz – narahat uşaqlar qəzəbli, impulsiv, passiv və gücsüz olaraq müəyyən edilir. Bu fərdlər rahatlıqla kiçik qığılcımdan əsəbləşə bilirlər (Bowlby, 2012).
Aparılmış tədqiqatlar sübut edir ki, erkən uşaqlıqda formalaşdırılan bağlanma stilləri sadəcə münasibətlərə deyil, eyni zamanda fərdin seçim etməsinə, qərar verməsinə böyük ölçüdə təsir edir və fərdin karyera həyatı və uğur əldə etməsi ilə erkən dövür bağlanmanın əlaqəsi vardır. Güvənli bağlanmış fərdlər karyera baxımından konstruktivdir, müsbət və doğru qərarlar almağa meyillidir (Deniz, 2011, akt, Erzen və Kara, 2022), lakin güvənsiz bağlanan fərdlər qərar verməkdə və seçim etməkdə çətinlik çəkirlər (Braunstein-Bercovitz, 2014, akt, Erzen və Kara, 2022).
Alan Sroufe və həmkarları tərəfindən araşdırılmış geniş bir tədqiqatın nəticəsi göstərir ki, analarına güvənli bağlanmış uşaqlar güvənsiz bağlanmış uşaqlarla müqayisədə daha yüksək özünə hörmət duyğusu, sosial yetərlilik, empati qurmaq bacarıqlarının inkişafı ilə dəyərləndirilmişdir (Berk, 2013, akt, Ural, Güven, Sezer, Azkesin və Yılmaz, 2015).
Bağlanmaya nəzarət sisteminin mövcudluğu və onun uşaqlıq dövründə şüurda özünün və bağlılıq anlayışının işlək modelləri ilə əlaqəsi həyat boyu şəxsiyyət funksiyasının yerinə yetirilməsinin əsas xüsusiyyətləri olaraq qalır (Bowlby,2012).
Məqsəd
Bu araşdırmanın məqsədi erkən uşaqlıq dövründə qurduğumuz bağların, bu dönəmdəki birinci dərəcəli fiqurla uşağın münasibətinin və bağlanma stillərinin uşağın gələcək həyatına, xüsusilə şəxsiyyət xüsusiyyətlərinə təsirinin və əlaqəsini araşdırmaqdır. Erkən uşaqlıqda formalaşan uşaq – birinci dərəcəli bağlanma fiquru arasındakı münasibət həyatın digər mərhələlərində də təsirlidir və şəxsiyyətin təməlləri də məhz bu dönəmdə atılır. Bu məqsədlə aşağıda bir sıra suallara cavab axtarılmış və araşdırma bu istiqamətdə davam etdirilmişdir.
1. Birinci dərəcəli bağlanma fiqurunun şəxsiyyət xüsusiyyəti ilə uşaqların bağlanma stilləri arasında əlaqə varmıdır?
2. Uşaqların şəxsiyyətinin inkişafında bağlanma stillərinin rolu varmıdır?
3. Uşağın şəxsiyyətinin inkişafı ilə erkən dövrdəki münasibətlərin əlaqəsi varmıdır?
4. Uşaqların şəxsiyyətinin formalaşmasında birinci dərəcəli fiqurun tutumu nə qədər rol oynayır?
5. Erkən uşaqlıq dövründəki xoşagələn və xoşagəlməz təcrübələrin gələcəkdəki mövqeyində təsiri varmıdır?
6. Erkən uşaqlıqdakı bağlanma stili gələcəkdəki bağlanma stilini müəyyən edir mi?
Önəm
Araşdırmanın aparılması uşağın şəxsiyyətinin formalaşmasında bağlanmanın rolunun nə qədər əhəmiyyətli olduğunu müəyyən etmək, erkən uşaqlıq dövründə qurulmuş münasibətlərin, bağlanma stillərinin sonrakı həyatında rolunun və iləridəki istənilən münasibətdə romantik əlaqələr, tələbə-müəllim, valideyn- uşaq, kolleqalarla, həmyaşıdlarla qurulmuş münasibətlərin formalaşmasında təsirinin öyrənilməsi cəhətdən önəmlidir. Xüsusilə araşdırmanın valideynlər üçün onların uşaq yetişdirmədə nələrə diqqət yetirməli, uşaqların sağlam mənlik formalaşdırması, cəmiyyətdə sağlam şəxsiyyət xüsusiyyətlərinə malik fərd kimi mövqe tutması, karyera və şəxsi münasibətlərinin doğru istiqamətdə irəliləməsi baxımından necə kömək etməli və ya davranmalı olduğunu müəyyən edə bilməsi cəhətdən təsirli olduğu düşünülməkdədir. Digər tərəfdən bu sahədə aparılmış tədqiqatların ədəbiyyatı incələndikdə uşaqların şəxsiyyət inkişafının, mənlik anlayışının bağlanma stilləri üzərindən izah olunduğu tədqiqatlar olduqca məhdud saydadır. Bu baxımdan tədqiqatın aparılmasının ədəbiyyata önəmli qatqılar əlavə edəcəyi düşünülməkdədir.
İstifadə olunmuş ədəbiyyat siyahısı
1. Aydoğdu, F.(2018). Çocuk gelişimi (1.baskı). Erzurum: Atatürk Üniversite Yayınları, 121-139.
2. Aydınlı, F.K., Akca, E., Sümer, N.( 2014). Orta çocuklukta anneye kayğılı ve kaçınan bağlanma : Yakın ilişkilerde yaşantılar evanteri II – orta çocukluk ölçeğinin Türkiyeye uyarlanması. Türk Psikoloji Yazıları Dergisi, 17(33). 45-57.
3. Bowlby, J. (2012). Güvenli bir dayanak: Ebeveyn-çocuk bağlanması ve sağlıklı insan gelişimi. ( Güneri, S. Tərc.). Kocaeli: Psikoterapi Enstitüsü Yayınları, 1-53, 171-197.
4. Erzen, E. və Kara, A.( 2022). Bağlanma stilleri, sosyal destek ve kariyer uyumluluğu: Alternativ modeller. Marmara Üniversitesi Öneri Dergisi, 17(57). 340-364.
5. Gazioğlu, E. (2015). Bağlanma Stilleri Algılanan Sosyal Destek Benlik Saygısı və Kişilik Özellikleri Bakımından Ergenlerin Stresle Başa Çıkma Tarzları. ( Yüksek Lisans Tezi). T.C. Haliç Üniversitesi Sosyal Bilimler Enstitüsü, Psikoloji Anabilim Dalı Uygulamalı Psikoloji Programı, İstanbul.
6. Görgü,E. (2018). Okula devam eden 5-6 yaş grubu çocukların annelerinin bağlanma biçimleri, kişilik özellikleri ve çocukların bağlanma biçimleri arasındakı ilişkinin incelenmesi. Abant İzzet Baysal Üniversitesi Eğitim Fakültesi Dergisi, 18 (1). 186-209.
7. Yassin, F. (2020). The Wave Clinic. “What are the different types of attachment?” https://thewaveclinic.com/blog/what-are-the-different-types-of-attachment/
8. Çankaya, T. (2022). Bağlanma stilleri nelerdir? “Çocuklukta ebeveynlerimizle olan ilişkimiz yetişkinlikte bağlanma stillerimizi nasıl etkiler?” https://www.hiwellapp.com/baglanma-stilleri
9. https://npistanbul.com/yakin-iliskilerde-yasantilar-envanteri-yiye-ii.
10. http://www.nebisumer.com/wp-content/uploads/2016/01/Kerns-SS.pdf
11. Kaya, M. (1997). Ailədə anne- baba tutumularının çocuğun kişilik ve benlik gelişimindeki rolü. Ondokuz Mayıs Üniversitesi İlahiyat Fakültesi Dergisi, 9 (9). 193-204.
12. Kılıç, K. M. ( 2019) . Evlat edinilen çocuklarda bağlanma. Akdeniz İnsani Bilimler Dergisi, 9(1). 223-240.
13. Maraş, A. ( 2015). Bağlanma kuramı temelinde gerçekleştirilen bir vaka çalışması. Ayna Klinik Psikoloji Dergisi, 2(3). 1-13.
14. Mustan, A. T. ( 2017). Okul Öncesi Dönem (36-60 ay) Çocuklarının Bağlanma Özellikleri ile Annelerin Prenatal Bağlanma Düzeylerinin, Çocukların Gelişim Özelliklerinin və Dil Becerilerinin İlişkisinin Değerlendirilmesi. ( Uzmanlık Tezi). T.C. Dokuz Eylül Üniversitesi Tıp Fakültesi Çocuk ve Ergen Ruh Sağlığı və Hastalıkları Anabilim Dalı, İzmir.
15. Oral, T. ( 2015). Erken Çocukluk Döneminde Gelişim. Ankara: Eğiten Kitap Yaylncılık. 85-94.
16. Özdemir, O., Özdemir, P. G., Kadak, M. T., Nasıroğlu, S. (2012). Psikiyatride güncel yaklaşımlar- Current approaches in psychiatry. Kişilik Gelişimi, 4(4), 556-589.
17. Öztürk, E., Türel, F.İ., Oğur, E.(2020). Psikotarih ve bağlanma kuramı ( 1.baskı). Ankara: Türkiye Klinikleri Yayınevi. ss,63-71.
18. Rəsulzadə, T. (2018). Valideyin Himayəsindən Məhrum Olmuş Uşaq və Yeniyetmələrin Psixoloji Problemleri. ( Magistr Dərəcəsi Almaq üçün Dissertasiya İşi). Xəzər Universiteti Humanitar, Təhsil və Sosial Elmlər Fakültəsi, Bakı.
19. Sümer, N. (2006). Yetişkin bağlanma boyutları için yeni bir ölçüm: Yakın ilişkilerde yaşantılar envanteri II-nin türk örnekleminde psikometrik açıdan değerlendirilmesi. Türk Psikoloji Yazıları Dergisi, 8 (16). 1-11.
20. Şeleci, Z. ( 2014). Evli Bireylerde Bağlanma Stilleri ile Boyun Eğici Davranışlar Arasındakı İlişkinin İncelenmesi. ( Yüksek Lisans Tezi). T.C. Haliç Üniversitesi Sosyal Bilimler Enstitüsü Psikoloji Anabilim Dalı Uygulamalı Psikoloji Programı, İstanbul.
21. Tatlılıoğlu, K. (2012). Okul öncesi dönemde anne-baba tutumunun çocuğun kişilik gelişimine etkisi. Uluslararası Bilimsel Hakemli Mevsimlik Dergi, 4(15). 83-92.
22. Temiz, Z.T. (2018). Bir sınıflandırma çalışması: Aleksitimik belirtiler ve bağlanma örüntüleri. Medeniyyet Araştırmaları Dergisi, 3(5). 21-42.
23. Uçar, M. Z.(2020). Ergenlik Dönemi Bireylerinin Kişilik Özellikleri ile Psikolojik Dayanaklılık Düzeyleri Arasındakı İlişki. ( Yüksek Lisans Tezi). T.C. Selçuk Üniversitesi Eğitim Bilimleri Enstitüsü, Eğitim Bilimleri Anabilim Dalı, Konya.
24. Uluç, S ve Ötkem, F. ( 2009). Okul öncesi çocuklarda güvenli yer senaryolarının değerlendirilmesi. Türk Psikoloji Dergisi , 24( 63). 69-83.
25. Ural, O., Güven, G., Sezer, T., Azkesin, K.E., Yılmaz, E. (2015). Okul Öncesi Dönemdeki Çocukların Bağlanma Biçimleri ile Sosyal Yetkinlik və Duygu Düzenleme Becerileri Arasındakı İlişkinin İncelenmesi. ( Yüksek Lisans Tezi). Marmara Üniversitesi, Atatürk Eğitim Fakültesi, İlköğretim Bölümü, İstanbul.
26. Ünal,S. (2010). Kişilik gelişimi ve sorunları. Kimlik gelişimi. https://www.researchgate.net/publication/315741630_Kimlik_Gelisimi
Müəllif: Mədinə Şirvanova